Azərbaycan Milli Elmlər Akademiyası
Fizika İnstitutu

FİRUDİN MƏMMƏD ƏLİ OĞLU HAŞIMZADƏ

20 December 2018

FİRUDİN MƏMMƏD ƏLİ OĞLU HAŞIMZADƏ

Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış fizik, Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Firudin Məmməd Əli oğlu Haşımzadə 2018-ci il sentyabrın 28-də ömrünün 83-cü ilində vəfat etmişdir. Bütün həyatı və taleyi elmlə bağlı olan alim dedikdə ilk növbədə Firudin müəllim yada düşür. Elmə bağlılığı, hər kəsə təmənnasız köməyi onu işlədiyi kollektivdə əsl alimlik nümunəsinə çevirmişdir. Onu taniyanlar əmin olur ki, bütün ömrünü elmə həsr edən, ən yüksək adlara layiq olmasına baxmayaraq hec bir vəzifə təmənnasında olmayan insanlar həqiqətən həyatda mövcud olur. Akad. F.M. Haşımzadə yarımkeçiricilər fizikası və ümumilikdə bərk cisim fizikasının inkişafında böyük xidmətləri olan məşhur alim idi. F.M. Haşımzadə 7 dekabr 1935-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirdikdən sonra Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunun aspiranturasına daxil olmuş və A.F. İoffe adına Leninqrad Fizika-Texnika İnstitutuna göndərilmişdir. Onun aspirant təhsili professor A.İ. Qubanovun rəhbərliyi ilə keçmişdir. F.M. Haşımzadənin ilk elmi işləri qrup nəzəriyyəsi əsasında mürəkkəb yarımkeçirici birləşmələrin analizinə və onların zolaq quruşunun hesablanmasına həsr edilmişdir. Bu işlər əsasında o, 1962-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir. 1963-cü ildə Leninqraddan Bakıya qayıdan F.M. Haşımzadə Azərbaycan EA Fizika İnstitutunda işə başlamışdır. O, qısa bir müddətdə kiçik elmi işçi vəzifəsindən “Yarımkeçiricilərin nəzəriyyəsi” laboratoriyasının rəhbəri vəzifəsinə qədər yüksəlmiş. 1993-2000-ci illərdə F.M. Haşımzadə Fizika İnstitutunun direktoru olmuşdur. Bir sıra yarımkeçiricilərin elekron spektri, elektrik, maqnit və optik xassələrini nəzəri tədqiq edən F.M.Haşımzadə 1972-ci ildə bu işlər əsasında doktorluq dissertasiyası müdafiə etmiş, 1980-cı ildə AMEA-nın müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilmişdi. Qrup nəzəriyyəsi metodları ilə keçid elementlərinin karbonatlarında maqnon və eksiton spektrlərini tədqiq edən və işığın ikimaqnonlu udulma və səpilmə spektrlərinin nəzəriyyəsini quran F.M. Haşımzadə 1986-cı ildə bu nəticələrə görə müəlliflər kollektivi ilə birlikdə Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülmüşdü. Akad. F.M. Haşımzadə Bakıda yarımkeçiricilərin nəzəriyyəsi sahəsində elmi məktəb yaratmışdır. Bu məktəbin nümayəndələri Azərbaycanda və bir sıra xarici ölkələrdə onun başladığı işləri davam etdirirlər. Onun rəhbərliyi ilə 10 elmlər doktoru və 25-dən çox elmlər namizədi hazırlanmışdır. O, 150-dən çox elmi əsərin və bir monoqrafiyanın müəllifidir. F.M. Haşımzadə pedaqoji fəaliyyət də göstərərək, uzun illər ərzində Bakı Dövlət Universitetinin Fizika fakultəsində tələbələrə nəzəri fizikanın müxtəlif məsələlərinə dair mühazirələr oxumuşdur. Akad. F.M. Haşımzadənin elmi işləri bərk cisim fizikasındakı problemlərin geniş dairəsini əhatə edir. Birinci növbədə onun yarımkeçiricilərin zolaq quruluşunun və qəfəs rəqsləri spektrinin qrup nəzəriyyəsi əsasında hesablanması üçün nəzəri baza yaratdığı silsilə işlərini qeyd etmək lazımdır. F.M. Haşımzadənin inkişaf etdirdiyi metodika bir sıra əhəmiyyətli məsələlərə (laylı və zəncirvari yarımkeçiricilər, seqnetoelektriklər, maqnit dielektriklər) tətbiq edilmişdir. F.M. Haşımzadə ilk dəfə mürəkkəb tərkibli kristallarda elektron, maqnon və eksiton spektrlərinin analizinə qrup nəzəriyyəsi üsulunu tətbiq etmiş, psevdopotensial metodu ilə yarımkeçirici birləşmələrin zolaq quruluşunu hesablamışdır. O, üçqat birləşmələrin elektron və fonon spektrlərinin ilkin prinsiplərdən tapılması üsulunu vermiş və bir sıra birləşmələr üçün spektrləri hesablamışdır. Onun elmi işlərinin digər bir hissəsi darzolaqlı yarımkeçiricilər və yarımmetalların nəzəriyyəsinə həsr edilmişdir. F.M. Haşımzadə Keyn spektrli yarımkeçiricilərin və yarımmetalların kinetik, optik və maqnit xassələrinin ardıcıl nəzəriyyəsini yaratmış, onların volt-amper xarakteristikasının qeyri-xəttiliyinin yeni mexanizmini aşkar etmiş, həmin tip yarımkeçiricilərin anomal maqnit xassələrinə malik olmasını göstərmişdir. Akad. F.M. Haşımzadəni öz həmkarlarından fərqləndirən bir cəhət onun nəzəri işlərində irəli sürülmüş bir sıra ideyaların eksperimentdə öz təsdiqini tapmasıdır (işığın zonalararası udulmasında maqnetofonon və spin-maqnetofonon rezonansları, Keyn yarımkeçiricilərində elektron qazının maqnit nüfuzluğunun diamaqnit işarəsi, ultra-kvant maqnit sahələrində maqnit momentinin doyması və s.) Akad. F.M. Haşımzadənin bir sıra işləri ümumnəzəri mahiyyətə malikdir və bərk cisim fizikasına qrup nəzəriyyəsi metodlarının tətbiqinin təkmilləşdirməsinə həsr edilib. Firudin müəllim tərəfindən inkişaf etdirilmiş tədqiqat metodları və onun əldə etdiyi konkret elmi nəticələr böyük şöhrət qazanmışdır və bir sıra bərk cisimlərin enerji spektrlərinin, kinetik, optik, maqnit və elastiklik xassələrinin öyrənilməsində geniş tətbiq edilir. XX əsrin sonları və XXI əsrin əvvəllərində fizikanın inkişafında prioritet istiqamətə çevrilmiş aşağı ölçülü sistemlərdə (kvant çuxuru, kvant məftili və kvant nöqtələri) optik və kinetik hadisələrin nəzəriyyəsinin qurulmasında F.M. Haşımzadənin mühüm xidmətləri var. O, A3B5 tipli yarımkeçirici və Cd1-xMnxTe tipli yarımmaqnit yarımkeçirici kvant nöqtələrində elektron və fononların enerji spektrini hesablamış, parabolik potensiallı yarımkeçirici kvant cuxurunda elektrikkeçiriciliyinin, termoelektrik, qalvanomaqnit və termomaqnit effektlərin nəzəriyyəsini qurmuş, kvant çuxurunda mənfi maqnit müqavimətinin əmələ gəlməsinin yeni mexanizmini aşkar etmişdir. Firudin müəllimin kadr hazırlığı sahəsində gördüyü işlər əvəzsizdir. Uzun illər boyunca Fizika İnstitutunda bərk cisimlərin kinetik, optik, elektrik, maqnit, elastiklik xassələrinə aid aparılan elmi tədqiqatlar, hazırlanan dissertasiyaların əksəriyyəti
F.M. Haşımzadə ilə müzakirə edilmişdir ki, bu da həmin istiqamətlərdə tədqiqatların effektivliyini daha da artırmış, institut əməkdaşlarının qarşısında duran məsələlərin müvəffəqiyyətlə həll edilməsinə kömək etmişdir. Bərk cisimlər fizikasına aid bir çox monoqrafiya və elmi məqalələrdə akad. F.M. Haşımzadənin aldığı nəticələrdən istifadə olunmuş və onun əsərlərinə çoxlu sayda istinadlar edilmişdir. F.M. Haşımzadə elmi və pedaqoji fəaliyyətlə bərabər elmin təşkili sahəsində də işlər görmüşdür. Buna misal olaraq onun təşəbbüsü ilə Fizika İnstitutunda çap olunan “Fizika” elmi-periodik jurnalını göstərmək olar. Tanınmış alim, pedaqoq, elm təşkilatçısı və səmimi insan Firudin Məmməd Əli oğlu Haşımzadənin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin! Dostum, alim insan haqda xoş sözləri həmçinin jurnalın redkollegiyası, A.İ. İoffe adına Fizika-Texnika institutunun əməkdaşları və dostlar tərəfindən dərc olunmuş "Памяти Фирудина Мамед Али оглу Гашимзаде" məqaləsində http://journals.ioffe.ru/misc/Gashim.pdf saytında oxuya bilərsiniz
                                                                                 

Azerbaijan Journal of Physics (AJP) Fizika saytı haqqında:

24 December 2018
Azerbaijan Journal of Physics (AJP) Fizika saytı haqqında:
24 December 2018

1 dekabr 2018-ci il tarixindən etibarən AJP Fizika jurnalının Seriya En saytı WIX.com: https://jophphysics.wixsite.com/ajpphysics ünvanında fəaliyyət göstərir...  Показать

Hörmətli həmkarlar, müəlliflər və oxucular

24 December 2018
Hörmətli həmkarlar, müəlliflər və oxucular
24 December 2018

"AJP Fizika" jurnalının 2018 ilin dördüncü nömrəsi çap versiyası nəşr olunmuşdur. AJP Fizika Seriya En jurnallarının tam mündəricatlarını WIX.com saytının köməyilə yaradılmış AJP Fizika jurnalının saytında tapa bilərsiniz. Ünvan: https://jophphysics.wixsite.com/ajpphysics  Показать