Böyük tarixi anları yaşamaq nə yaxşı ki, bizə də nəsib oldu. Qüdrətli Azərbaycan dövləti Sizin rəhbərliyinizlə tarixi-əzəli torpaqlarına qayıdır. Zaman çətin, dövr mürəkkəbdir. Amma Sizin müdrik siyasətiniz, qətiyyətiniz, uğurlu addımlarınız sayəsində böyük qayıdış mərhələsinə qədəm qoyuruq. Ulu Öndər Heydər Əliyevin başladığı böyük tarixi ədalətin bərpasına yönəlmiş missiyanı Siz uğurla başa çatdırırsınız. Bütün çətinliklərə, maneələrə baxmayaraq xalq-hakimiyyət birliyinin modeli bu uğurlu addımların təminatçısına çevrilib. Bu gün Azərbaycan 30 il öncəki deyil, söz sahibi olmağımız dünya xəritəsindəki yerimizdən də böyük və dərindir. Ötən il Sizin inamla “Qarabağ Azərbaycandır!” söyləməyiniz, dədə-baba torpaqlarımızın tez bir zamanda düşmən tapdağından azad ediləcəyinə dəlalət edirdi. Düz bir ildən sonra Sizin Ali Baş Komandanlığınızla Azərbaycan bayrağının öz doğma torpaqlarına qayıdışı başlandı. Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun kollektivi olaraq Sizin qüdrətli Azərbaycan uğrunda apardığınız haqq işində yanınızdayıq və inanırıq ki, tez bir zamanda Qarabağda biz də öz üzərimizə düşən missiyanı Azərbaycan elminin çiçəklənməsi naminə yerinə yetirəcəyik.
Dərin hörmət və
ehtiramla Fizika İnstitutunun kollektivi adından
direktor Nazim Məmmədov